Bakı. Fərid Mirzəyev – APA. Kənd Təsərrüfatı Nazirliyi (KTN) yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti (DBNX) Rusiyanın Dağıstanın respublikasında iribuynuzlu heyvanlar arasında qeydə alınan nodulyar dermatit virus xəstəliyinin Azərbaycandan keçməsi ilə bağlı iddialara münasibət bildirib.
DBNX-nın rəis vəzifəsini müvəqqəti icra edən Azər Süleymanov APA-ya bildirib ki, Beynəlxalq Epizootik Büronun məlumatına əsasən Dağıstan respublikasında iribuynuzlu heyvanlar arasında nodulyar dermatit virus xəstəliyi may ayında qeydə alınıb. Onun sözlərinə görə, nodulyar dermatit virus xəstəliyinin qeydə alındığı yaşayış məntəqələri Azərbaycan-Dağıstan sərhədində deyil, Dağıstan-Çeçenistan sərhədində yerləşir: “Xəstəlik Dağıstanın yuxarı hissəsində qeydə alınıb. Bu Beynəlxalq Epizootik Büronun məlumatında da öz əksini tapıb. Xəstəliyin ilkin mənbəyinin Azərbaycan-Dağıstan sərhədi olması ilə bağlı yayılan məlumatlar əsassızdır”.
A.Süleymanov qeyd edib ki, xəstəliyin qeydə alındığı ərazilərdən Azərbaycana ət və ət məhsulları idxal olunmur.
Qeyd edək ki, Dağıstanın 27 yaşayış məntəqəsində iribuynuzlu heyvanlar arasında qeydə alınan nodulyar dermatit virus xəstəliyi qeydə alınıb. Xəstəliyin ilkin mənbəyinin Dağıstan-Azərbaycan sərhədi olduğu iddia olunub.