FAO Azərbaycana Rotterdam Konvensiyasına qoşulmaqda yardım edir

FAO Azərbaycana Rotterdam Konvensiyasına qoşulmaqda yardım edir
# 21 dekabr 2016 12:46 (UTC +04:00)

Bu gün BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) tərəfindən Azərbaycan Respublikası Milli Məclisinin, Kənd Təsərrüfatı, Ekologiya və Təbii Sərvətlər Nazirliklərinin, IDEA İctimai Birliyinin, elmi-tədqiqat institutlarının və kimya sənayesinin nümayəndələrinin iştirakı ilə "Kimyəvi təhlükəsizlik üzrə səylərin birləşdirilməsi: Rotterdam Konvensiyasının ratifikasiyası istiqamətində addımlar" mövzusunda məsləhətləşmə iclası keçirilib.

FAO-nun Azərbaycandakı Tərəfdaşlıq və Əlaqələndirmə Ofisindən "APA-Economics"ə verilən məlumata görə, tədbirin keçirilməsində məqsəd maraqlı tərəflərin iştirakı ilə sözügedən konvensiyanın ratifikasiyasına köməklik göstərmək, o cümlədən Azərbaycanda kimyəvi təhlükəsizlik üzrə səylərin birləşdirilməsindən ibarətdir.

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin rəisi Camal Quliyev açılış nitqində bildirib ki, beynəlxalq ticarətdə pestisidlərin və müxtəlif təhlükəli kimyəvi maddələrin insan sağlamlığına və ətraf mühitə zərərli təsirinin aradan qaldırılması məqsədilə, Rotterdam Konvensiyasına üzv dövlətlər ümumi səylərini birləşdirir, bu tip maddələrin idxal və ixrac əməliyyatlarına dair qərarların qəbul edilməsini tənzimləmək üçün məlumatların müvafiq əməliyyatlardan öncə tərəflərə çatdırılmasını təmin edir ki, bu da mənfi halların qarşısının alınması üçün əhəmiyyətli rol oynayır.

Milli Məclisin nümayəndəsi Şamil Hüseynov isə qeyd edib ki, artıq Azərbaycan Bazel və Stokholm Konvensiyalarına üzvdür: "Eyni zamanda, Rotterdam Konvensiyasının ratifikasiya olunması kimyəvi məhsullar və tullantılar üzrə bütün konvensiyaların səmərəli icrasına və Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunmasına töhfə verəcək".

FAO-nun Azərbaycandakı Tərəfdaşlıq və Əlaqələndirmə Ofisinin rəhbəri Melek Çakmak bildirib ki, 2016-cı ildə Azərbaycan Hökuməti və FAO rəsmi olaraq milli fəaliyyət planlarının və strategiyaların hazırlanması, o cümlədən kənd təsərrüfatının və kənd yerlərinin dayanıqlı inkişafının təşviq olunması üzrə məsul maraqlı tərəflərlə əməkdaşlıq etmək üçün razılığa gəlib. "Bugünkü iclas da bu əməkdaşlığın təşviq olunması üçün mükəmməl platforma rolunu oynayır". M. Çakmak eyni zamanda qeyd edib ki, FAO Qlobal Ətraf Mühit Fondu (GEF) ilə birgə tezliklə Azərbaycanın da iştirak edəcəyi "Mərkəzi Asiya ölkələri və Türkiyədə davamlı üzvi çirkləndiricilərin və pestisidlərin həyat dövrünün idarə edilməsi və zərərsizləşdirilməsi" layihəsinin icrasına başlayacaq: "Layihə əhalinin sağlamlığına və ətraf mühitə yüksək risk yaradan davamlı üzvi çirkləndiricilərin və digər köhnəlmiş pestisidlərin tullantılarının azaldılmasına, eləcə də bu sahədə hüquqi və institusional bazanın möhkəmləndirilməsinə töhfə verəcək".

FAO-nun baş texniki əməkdaşı və Rotterdam Konvensiyasının Katibliyinin əlaqələndiricisi Kristin Fuel Azərbaycanın konvensiyasını ratifikasiya edəcəyi təqdirdə əldə olunacaq faydalar və imkanlar barədə ümumi təqdimat keçirib. "Rotterdam Konvensiyasına tərəf olmağın çoxsaylı üstünlüklərindən biri odur ki, ölkə gələcəkdə müvafiq zərərli kimyəvi məhsulların və pestisidlərin idxalı zamanı məlumatlı qərar qəbul edə biləcək, eyni zamanda insan sağlamlığını və ətraf mühiti qorumaqla onların təhlükəsiz istifadəsini təmin edəcək. Əlavə olaraq, konvensiya inkişaf etməkdə olan dövlətlərə müxtəlif zərərli pestisidlərlə bağlı məsələ qaldırmağa və beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmağa töhfə verəcək", - deyə K. Fuel qeyd edib.

FAO-nun beynəlxalq ekspertlərinin təqdimatlarından sonra mövzu ətrafında geniş fikir mübadiləsi aparılıb və bununla da tədbir öz işini yekunlaşdırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR