Bakı. Fərid Mirzəyev - APA. Gürcüstan Respublikasının Tbilisi şəhəri yaxınlığında yerləşən Varketili ərazisində blutanq (“göy dil”) xəstəliyinin qeydə alınması ilə əlaqədar Kənd Təsərrüfatı Nazirliyi (KTN) yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətində (DBNX) 29 yanvar 2016-cı il tarixində imzalanmış 02 saylı əmr ləğv olunub.
APA-nın xəbərinə görə, əmr Ümumdünya Heyvan Sağlamlığı Təşkilatından (ÜHST-OİE) DBNX-ya daxil olan məlumat əsasında ləğv edilib. Əmrə görə də həmin ərazidən iribuynuzlu və xırdabuynuzlu heyvanların Azərbaycana idxalına müvəqqəti məhdudiyyət qoyulmuşdu.
DBNX-nin mətbuat xidmətinin rəhbəri Yolçu Xanvəli APA-ya faktı təsdiqləyib.
Bununla belə, o qeyd edib ki, Gürcüstan Respublikasının Tbilisi şəhəri yaxınlığında yerləşən Varketili ərazisində xırdabuynuzlu heyvanlar arasında qeydə alınan taun xəstəliyi ilə əlaqədar DBNX tərəfindən imzalanan 11.02.2016-cı il tarixli 04 nömrəli əmr isə qüvvəsində qalmaqdadır: “Bu əmrə görə də həmin ərazidən iribuynuzlu və xırdabuynuzlu heyvanların idxalına müvəqqəti məhdudiyyət qoyulub”.