Bu gün kənd təsərrüfatı naziri Heydər Əsədov Kənd Təsərrüfatının İnkişafı üzrə Beynəlxalq Fondunun (IFAD) Azərbaycan üzrə ölkə proqramlarının rəhbəri Tarek Kotbla görüşüb.
Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətindən "APA-Economics"ə verilən məlumata görə, görüşdə IFAD və Azərbaycan Hökumətinin birgə icra etdiyi layihələr müzakirə edilib, növbəti əməkdaşlıq istiqamətləri barədə fikir mübadiləsi aparılıb.
H.Əsədov ölkə başçısının kənd təsərrüfatına göstərdiyi diqqət və qayğıdan danışıb və ölkəmizdə aparılan islahatlar barədə ətraflı məlumat verib. Nazir IFAD-la əməkdaşlığa önəm verdiyini diqqətə çatdıraraq, İFAD tərəfindən ölkəmizdə həyata keçirilən layihələri yüksək qiymətləndirib. IFAD-ın Azərbaycanda 20 ildir ki, kənd təsərrüfatı layihələrini dəstəklədiyini xatırladan H.Əsədov və gələcəkdə bu sahədə işin davam etdirilməsinin əhəmiyyətini vurğulayıb.
Görüşdə bildirilib ki, ötən müddətdə IFAD ölkəmizdə 3 layihə və 1 proqramın icrasında iştirak edib. İcrası davam edən “Kənd Yerlərinin Kompleks İnkişaf Layihəsi” (KYKİL) isə İFAD-ın iştirak etdiyi 5-ci layihədir. KYKİL-nin icrası nəticəsində Yevlax və Ağdaşda 74,4 min ha ərazidə ikinci və üçüncü dərəcəli suvarma-sistemləri təmir-bərpa olunacaq, 26 mindən çox təsərrüfatın suvarma suyuna olan tələbatı yaxşılaşacaq, təsərrüfatlarda daha yaxşı nəticələr əldə etməyə imkan yaranacaq.
Görüşdə həmçinin kənd təsərrüfatının digər prioritet istiqamətləri də müzakirə olunub və bu sahələrdə icrası mümkün olan layihələrə toxunulub.
Öz növbəsində qonaq ölkəmizlə bu təşkilat arasında əlaqələrin daha da inkişaf etdirilməsi üçün öz səylərini əsirgəməyəcəyini bildirib.