Bakı və regionlarda ən çox ziyarət edilən muzeylər - SORĞU

Bakı və regionlarda ən çox ziyarət edilən muzeylər - SORĞU
# 06 yanvar 2022 13:18 (UTC +04:00)

Pandemiya muzey ziyarətçilərinin sayına da təsirsiz ötüşməyib. Bu, özünü geridə qoyduğumuz ildə də göstərib. Belə ki, 2021-ci ildə ötən illərə nisbətən ziyarətçi sayında azalma müşahidə olunub.

Bəs görəsən, ötən il Azərbaycan muzeyləri nə qədər ziyarətçi qəbul edib?

APA bəzi muzeylər arasında apardığı sorğunun nəticələrini təqdim edir:

2021-ci ildə Azərbaycan Milli Xalça Muzeyini ziyarət edənlərin sayı 14 398 nəfər olub.

Milli Azərbaycan Tarixi Muzeyində isə il ərzində 1300 ekskursiya aparılıb və 5500 ziyarətçi qəbul edilib.

Azərbaycan İstiqlal Muzeyindən verilən məlumata görə, ötən il muzey 2585 ziyarətçi qəbul edib, 106 ekskursiya təşkil olunub.

Hərb Tarixi Muzeyində isə ötən il 115 ekskursiya təşkil edilib və muzey 2 518 ziyarətçi qəbul edib.

Milli İncəsənət Muzeyində ötən il 552 ekskursiya baş tutub və muzeyi 12 888 nəfər ziyarət edib.

“İçərişəhər” Muzey Mərkəzindən verilən məlumata görə, ötən il 147 076 nəfər “Qız Qalası”, “Şirvanşahlar Sarayı Kompleksi”, “Yeraltı Hamam”, “Qala” Dövlət Tarix-Etnoqrafiya qoruğu və “Bakı Fotoqrafiya Evi”ni ziyarət edib. Bu ziyarətçilərdən 29 196 nəfəri “Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğunun payına düşür ki, onun da 1292 nəfəri əcnəbi turist olub.

Pandemiya region muzeylərinə də təsirsiz ötüşməyib.

Masallı Tarix-Diyarşünaslıq Muzeyindən verilən məlumata görə, ötən il muzeydə 368 ekskursiya aparılıb və 5 462 nəfər ziyarətçi qəbul edilib.

Şamaxı Tarix-Diyarşünaslıq Muzeyi isə 758 yerli, 9 xarici ziyarətçi qəbul edib.

Şəki Tarix-Diyarşünaslıq Muzeyində göstəricilər bir qədər yüksəkdir. Belə ki, ötən il muzeyi 213 xarici, 7 040 nəfər yerli turist olmaqla ümumilikdə 7 253 nəfər turist ziyarət edib.

Mədəniyyət Nazirliyindən sorğumuza cavab olaraq bildirilib ki, hazırda ölkə muzeylərinin ziyarətçi sayı üzrə statistika nəticələri toplanır. Məlumatda həmçinin o da qeyd olunub ki, son illərdə ziyarətçi qəbuluna görə, birincilik Azərbaycan Milli Xalça Muzeyində olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR