Gürcüstandan Azərbaycana 3 baş donuz cəmdəyinin keçirilməsinin qarşısı alınıb

Gürcüstandan Azərbaycana 3 baş donuz cəmdəyinin keçirilməsinin qarşısı alınıb
# 16 yanvar 2016 14:26 (UTC +04:00)

Bakı. Hafiz Heydərov - APA. Ağstafa rayonu ərazisində Gürcüstandan gətirilən 3 baş donuz cəmdəyi aşkarlanıb.

Kənd Təsərrüfatı Nazirliyi Yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətindən APA-a verilən məlumata görə, insan sağlamlığı və qida təhlükəsizliyi ilə əlaqədar olaraq Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən imzalanan sərəncam və fərmanların icrası məqsədi ilə Kənd Təsərrüfatı Nazirliyinin tapşırığına əsasən Dövlət Baytarlıq Nəzarəti Xidməti (DBNX) və onun yerli qurumları tərəfindən reydlər davam etdirilir. Yanvarın 16-da belə bir reyd DBNX-nin Ağstafa rayon Baytarlıq İdarəsi tərəfindən aparılıb. Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin Karantin tədbirlərini təmin edən əlahiddə polis taboru əməkdaşlarının iştirakı ilə keçirilən reyd zamanı Ağstafa rayonunun Poylu ərazisində 3 baş kəsilmiş donuz cəmdəyi Azərbaycan vətəndaşı Abbasov Şəmkir Əjdər oğlu tərəfindən "Jiquli-07" markalı 25 BF 883 dövlət nömrə nişanlı avtomobildə daşınarkən aşkarlanıb.

Heyvan cəmdəklərinə baxış keçirilərkən onların mənşəyi və sağlamlığı haqqında baytarlıq arayışının olmadığı məlum olub. O da məlum olub ki, donuz cəmdəklər Gürcüstan ərazisindən ölkəmizə gətirilib. Cəmdəklərdən baytarlıq qanunvericiliyinə uyğun nümunələr götürülərək laboratoriyaya göndərilib. Laboratoriya müayinələrinin nəticəsindən asılı olaraq qanunvericiliyə uyğun müvafiq qərar qəbul ediləcək.

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti bildirir ki, bu istiqamətdə reydlər həm Bakı şəhərində, həm də bütün bölgələrdə mütəmadi olaraq davam etdiriləcək. Mənşəyi məlum olmayan, keyfiyyəti şübhə doğuran, insan qidası və sağlamlığı üçün yararsız və təhlükəli olan heyvandarlıq məhsullarının emalının və satışının qarşısı qətiyyətlə alınacaq və belə qanunsuz işlə məşğul olan fiziki və hüquqi şəxslər barəsində ciddi inzibati tədbirlər görüləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR