Lənkəranda toy karvanında iştirak edib, yol hərəkəti qaydalarına zidd hərəkət edən 7 sürücü saxlanılıb.
APA-nın cənub bürosunun məlumatına görə, sosial şəbəkələrdə Lənkəran rayonun Narbağı kəndində keçirilən toy məclislərinin birində bəyin atası və tanışlarının idarə etdikləri TIR-larla toy karvanı təşkil etmələrinin görüntüləri yayılıb.
TIR sürücülərinin idarə etdikləri yük avtomobilləri ilə Lənkəran - Lerik yolunda digər nəqliyyat vasitələri üçün təhlükəli manevrlər etmələri, yolda hərəkəti çətinləşdirdikləri qeyd olunur. Həmin TIR-ları idarə edən 7 nəfər (4 Masallı, 3 Lənkəran sakini) yol polisi əməkdaşları tərəfindən saxlanılıb. Maşınlar cərimə meydançasına aparılıb.
DİN-in mətbuat xidmətinin Lənkəran regional qrupundan APA-ya bildirilib ki, Lənkəran ŞRPŞ-nin əməkdaşları tərəfindən həmin toy karvanında olan sözügedən nəqliyyat vasitələri və sürücülər müəyyən edilib: “Həmin nəqliyyat vasitələrinin sürücüləri Lənkəran ŞRPŞ-yə dəvət edilib və hər biri barəsində qanunvericiliyə uyğun inzibati tənbeh tədbiri görülüb”.
Qeyd edək ki, saxlanılan sürücülərlə bağlı yazılan protokollar qərar verilməsi üçün rayon məhkəməsinə göndəriləcək.