Restoranda qətl törətməktə təqsirləndirilən Orxan Zeynalov və İlqar Abdurahmanovun məhkəməsi başlayıb.
APA xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən İlqar Abdurahmanovun məhkəməyə gətirilmədiyi bildirilib. İlqar Abdurahmanovun hazırda Penitensiar xidmətin Müalicə müəssisəsində saxlanıldığı qeyd olunub.
Hakim noyabrın 16-da təqsirləndirilən şəxslərin barəsində olan həbs müddətinin bitəcəyini bildirib.
Dövlət ittihamçısı təqsirləndirilən şəxslərin barəsində olan həbs qəti imkan tədbirinin dəyişdirilmədən saxlanılmasını istəyib.
Məhkəmənin qərarı ilə təqsirləndirilən şəxslərin həbs müddəti dəyişdirilmədən saxlanılıb.
İş üzrə məhkəmə prosesi noyabrın 20-də davam etdiriləcək.
Qeyd edək ki, bu il matın 16-da qətlə yetirilən C.Vəliyev Dövlət Sərhəd Xidmətinin giziri, Vətən müharibəsinin iştirakçısı olub.
Hadisə xidmətdən kənar vaxtda, metronun 20 Yanvar stansiyası yaxınlığındakı restoranda mahnı sifarişinə görə baş verib. Qətlə yetirilən baş gizir Cəsarət Vəliyev 44 günlük Vətən müharibəsində və 12-14 sentyabr Ermənistanın genişmiqyaslı təxribatlarının qarşısının alınması zamanı döyüş əməliyyatlarında şəxsi igidlik və şücaət nümayiş etdirərək “İgidliyə görə”, “Cəbrayılın azad olunmasına görə” və Zəngilanın azad olunmasına görə” medalları ilə təltif edilib.
Təqsirləndirilən Orxan Zeynalov və İlqar Abdurahmanova Cinayət Məcəlləsinin 120.2.1, 120.2.2, 29,120.2.1, 29,120.2.2 ( bir qrup şəxs tərəfindən xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə və qəsdən adam öldürməyə cəhd) və digər maddələri ilə cinayət işi açılıb.