Tovuzda soyuducu anbarının həyətyanı sahəsində yanğın olub.
APA-nın yerli bürosunun xəbərinə görə, hadisə rayonun Düz Cırdaxan kəndində qeydə alınıb. Orada saxlanılan çiləmə üsulu üçün nəzərdə tutulan borular yanmağa başlayıb. Əraziyə dərhal Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Hissəsinin Tovuz rayon şöbəsinin iki yanğınsöndürən avtomobili və canlı qüvvəsi cəlb edilib. Alovun qarşısı alınıb, ətraf ərazilər yanğından mühafizə edilib.
Yanğın zamanı ərazidə olan sakinlərdən birinin yüngül xəsarət aldığı bildirilir. Ona hadisə yerində ilkin tibbi yardım göstərilib.
Yanğının hansı səbəbdən baş verməsi ilə bağlı araşdırma aparılır.