Bank Of Baku

Ekspert: Beynəlxalq ictimaiyyət Azərbaycanın üzləşdiyi mina probleminə kifayət qədər diqqət göstərmir

Ekspert: Beynəlxalq ictimaiyyət Azərbaycanın üzləşdiyi mina probleminə kifayət qədər diqqət göstərmir
# 04 avqust 2023 16:33 (UTC +04:00)

“Bilavasitə mina problemi ilə məşğul olan Azərbaycan QHT-ləri tərəfindən bir neçə dəfə bu tip müraciətlər olub. İkinci Qarabağ müharibəsi bitəndən dərhal sonra mina problemi ilə məşğul olan təşkilatların işğaldan azad olunmuş ərazilərə səfərləri oldu. Həmin səfərlərdən sonra da bizim bir neçə dəfə müraciətimiz yayıldı. Bir dəfə petisiya açdıq, ölkə daxilindən, həm də ölkə xaricindən kifayət qədər insan iştirak etdi, müraciətimizə qoşuldu”.

Bunu APA-ya açıqlamasında Minalar Əleyhinə Azərbaycan Kampaniyası İctimai Birliyinin sədri Hafiz Səfixanov deyib.

“Bilirsiniz ki, Azərbaycan ərazilərinin minalarla çirklənmə səviyyəsinə, minaların, partlamamış hərbi sursatların yaratdığı problemə görə dünya ölkələri arasında ilk onluqda yer alır. Bu məlumat Minaların Qadağası üzrə Beynəlxalq Kampaniya kimi tanınan koalisiyanın (International Campaign to Ban Landmines - Cluster Munition Coalition ICBL-CMC) 2020-ci il hesabatında da yer alır.

Bizi narahat edən digər məsələ Azərbaycanda mina qurbanlarının sayının artmasıdır. Ölkəmizdə mina qurbanlarının sayı artıq 3400-ə yaxınlaşır. Hər ay yeni qurbanların olduğunu görürük. Azərbaycandakı mina qurbanlarının sayı Cənubi Qafqazın digər ərazilərindəki mina qurbanları sayının cəmindən çoxdur. Təəssüf doğuran hal odur ki, qurbanların sayı hər ay artır və onların arasında qadınlar, uşaqlar, hərbçilər və mülki şəxslər var. Bu müraciəti yaymaqda məqsədimiz odur ki, ölkəmizdəki mina problemlərinə diqqət artsın. Bizim üzləşdiyimiz mina probleminə beynəlxalq ictimaiyyət tərəfindən kifayət qədər diqqət göstərilmir. Bir məsələni də vurğulamaq lazımdır ki, bizim təşkilatın statistikasına əsasən, 2020-ci ildə 44 günlük müharibədən sonra 305 nəfər işğaldan azad edilmiş ərazilərdə mina qurbanı olub və onlardan 57 nəfəri həlak olub. Həlak olanların arasında 47 nəfər mülki şəxs var və eyni zamanda, 100 nəfər mülki şəxs yaralanıb. Həlak olanların arasında qadın və uşaqlarla yanaşı, həmçinin jurnalistlər də var”, - ekspert qeyd edib.

Hafiz Səfixanov vurğulayıb ki, Azərbaycan öz arsenalında olan bütün qüvvələri minalarla mübarizəyə sərf edir: “ANAMA yenidən quruldu, maddi-texniki bazası gücləndirildi. Müxtəlif maşın mexanizmləri alınıb, işçi qüvvəsinin sayı artırılır, minaaxtaran itlər gətirilir və minaaxtaran siçovullar hazırda təlim prosesindədir. Azərbaycan dünya trendinə qoşularaq qadınlardan ibarət minatəmizləmə komandaları yaradır. Hazırda həmin komandaların təlimləri keçirilir, onlar da sertifikat aldıqdan sonra minaların təmizlənməsi işinə cəlb olunacaq. Bütün bunların hamısı Azərbaycanın dövlət büdcəsi hesabına həyata keçirilir. Minaların təmizlənməsi üçün sərf olunan vəsaitin 90 faizdən yuxarı hissəsi Azərbaycanın öz vəsaitidir. Dünyada “Piyadalar əleyhinə minaların tətbiqinin, ehtiyat toplanmasının, istehsalının və yayılmasının qadağan olunması və onların məhv edilməsi haqqında” 1997-ci il tarixli Ottava Konvensiyasına əsasən, minalarla mübarizə hər hansı ölkənin daxili məsələsi hesab olunmur. Beynəlxalq birlik həmin Konvensiyanın müvafiq maddələrinə uyğun olaraq, digər ölkələrə maddi, texniki, həmçinin insani resurslarla kömək etməlidir. Təəssüf ki, biz bu güclü köməyi hiss etmirik. Bəzi ölkələr, məsələn, Böyük Britaniya, ABŞ, Fransa, Macarıstan, Avropa İttifaqı müəyyən kömək edib, dəstək göstərib, lakin bu, “dənizdə bir damla” kimidir. Bütün bunları nəzərə alaraq, bir neçə QHT belə bir müraciət yaydıq, imzaladıq. İnanırıq ki, müəyyən nəticələr əldə olunacaq”.

Qeyd edək ki, bu gün Azərbaycan QHT-ləri humanitar minatəmizləmə ilə bağlı beynəlxalq ictimaiyyətə müraciət edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR