“Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq tapşırığı və ayrılmış vəsait hesabına Dövlət Təhlükəsizliyi Xidmətinin Hərbi-tibb Baş idarəsinin tərkibində genetik laboratoriya yaradılması və ən müasir avadanlıqlarla təmin edilməsi ölkə rəhbərinin bu sahəyə böyük önəm verdiyini bir daha təsdiqləyir”.
APA xəbər verir ki, bunu “İtkin düşmüş şəxslərin taleyinə aydınlıq gətirmək üçün milli və qlobal səylərin artırılması” üzrə beynəlxalq konfransda çıxışında Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının sədri, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-polkovnik Əli Nağıyev deyib.
O bildirib ki, artıq şəxsiyyəti müəyyən edilmiş 25 nəfərdən 13-ü Dövlət Təhlükəsizliyi Xidmətinin Hərbi-tibb baş idarəsinin tərkibində yaradılmış genetik laboratoriyada eyniləşdirilib.
Sədr qeyd edib ki, hərbi təcavüz nəticəsində ölkəmiz xeyli sayda insan itkisinə, yüzlərlə şəhər və kəndlərimizin tamamilə dağıdılması ilə müşayiət olunan dəhşətli məhrumiyyətlərə məruz qalıb.
Əli Nağıyev vurğulayıb ki, Birinci Qarabağ müharibəsində 3890 nəfər itkin düşmüş şəxs kimi Dövlət Komissiyasında qeydiyyata alınıb: “Onlardan 3171 nəfəri hərbçi, 719 nəfəri mülki şəxsdir. Mülki şəxslərdən 71 nəfəri yetkinlik yaşına çatmamış uşaq, 267 nəfəri qadın, 326 nəfəri yaşlı insanlardır. Vətən müharibəsində isə 6 nəfər hərbi qulluqçu itkin düşüb. Əldə olunmuş sübutlar göstərir ki, itkin düşmüş hərbiçilərimizin xeyli hissəsi döyüş meydanlarında deyil, əsir düşərgələrində dəhşətli işgəncələr nəticəsində qətlə yetiriliblər”.