Türkiyənin İstanbul şəhərində “İDEF-2023” Beynəlxalq Müdafiə Sənayesi sərgisi başlayıb.
APA-nın İstanbul müxbiri xəbər verir ki, sərgidə 55 ölkədən 1,461 şirkət, 81 ölkədən isə 189 rəsmi heyət iştirak edir.
Dünyanın 4-cü ən böyük müdafiə sənayesi sərgisi olan “İDEF”də bir çox məhsul ilk dəfə nümayiş etdirilir. Bundan əlavə, əvvəllər hazırlanmış müxtəlif məhsulların yeni variantları da təqdim olunur.
Sərgidə, həmçinin zirehli döyüş maşınları, taktiki zirehli maşınlar, pilotsuz quru, hava və dəniz nəqliyyat vasitələri, silah sistemləri, raketlər, idarə olunan raketlər, piyada silahları, hərbi simulyatorlar və digər məhsullar da yer alıb.
“İDEF-2023” Beynəlxalq Müdafiə Sənayesi Sərgisində Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində istehsal olunan müxtəlif növ atıcı silahlar, yaxın məsafəli döyüş vasitələri, minaatanlar, müxtəlif çaplı döyüş sursatları, pilotsuz uçuş aparatları və s. daxil olmaqla 131 adda müdafiə təyinatlı məmulatlar nümayiş etdirilir.
Azərbaycan müdafiə naziri general-polkovnik Zakir Həsənov “IDEF - 23” 16-cı Beynəlxalq Müdafiə Sənayesi Sərgisində iştirak etmək üçün Türkiyədə səfərdədir.
İDEF çərçivəsində yerli və xarici rəsmi nümayəndə heyətləri və iştirakçı şirkətlər arasında müxtəlif əməkdaşlıq görüşlərinin keçirilməsi gözlənilir. Bundan əlavə, Türkiyə müdafiə sənayesinin gündəmində olan mühüm layihələr üçün də müqavilələr imzalanacaq.
Dünyanın ən böyük müdafiə sənayesi sərgilərindən biri olan “İDEF-2023” iyulun 28-də başa çatacaq.