Bu gün Milli Məclisin payız sessiyası çərçivəsində keçirilən ilk iclasında “Azərbaycan Respublikası Hökuməti ilə Gürcüstan Hökuməti arasında müdafiə sahəsində əməkdaşlıq haqqında Saziş” müzakirəyə çıxarılıb.
APA-nın xəbərinə görə, layihəyə əsasən, Azərbaycan və Gürcüstan aşağıdakı sahələrdə əməkdaşlıq edəcək:
- hərbi təhsil, treninq və təlimlər;
- müdafiə və təhlükəsizlik siyasəti;
- sülhməramlı və humanitar əməliyyatlar;
- NATO-nun “Sülh Naminə Tərəfdaşlıq” proqramı çərçivəsində əməkdaşlıq;
- silahlara nəzarət və tərksilah;
- hərbi qanunvericilik;
- maddi-texniki təminat;
- mülki-hərbi əməkdaşlıq;
- müdafiə sahəsində kibertəhlükəsizlik;
- hərbi xəritəçilik;
- hərbi tibbi xidmətlər;
- sosial, idman və mədəni tədbirlər;
- humanitar minatəmizləmə;
- qarşılıqlı maraq kəsb edən digər məsələlər.
Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq bir oxunuşda qəbul edilib.