Bank Of Baku

QHT rəhbəri: Beynəlxalq ictimaiyyəti mina təhdidinin aradan qaldırılmasında ədalətli olmağa çağırırıq

QHT rəhbəri: Beynəlxalq ictimaiyyəti mina təhdidinin aradan qaldırılmasında ədalətli olmağa çağırırıq
# 04 avqust 2023 17:09 (UTC +04:00)

“Bildiyiniz kimi, bir neçə QHT, vətəndaş cəmiyyəti institutu BMT-nin Baş katibinə və təşkilatın digər strukturlarının rəhbərlərinə, Avropa İttifaqına, Avropa Şurasının rəhbərliyinə, bu qurumlara üzv olan dövlətlərə və onların rəhbərlərinə müraciət ünvanlayıb. Həmin müraciətdə biz Azərbaycan xalqını, cəmiyyətini, insanlarımızı narahat edən məsələlərdən söhbət açmışıq, mina təhlükəsindən danışmışıq”.

Bunu APA-ya açıqlamasında Azərbaycan Minadan Zərərçəkənlərin Assosiasiyasının rəhbəri Rey Kərimoğlu deyib.

“Ermənistan Azərbaycan torpaqlarını 30 ildən artıq bir vaxt ərzində işğal altında saxlayıb və bu müddət ərzində ərazinin böyük hissəsini minalarla çirkləndirib. Buna baxmayaraq, hələ indiyə qədər mina xəritələrini tam şəkildə Azərbaycana təqdim etməyib. Azərbaycan dövlət başçısı, müzəffər Ali Baş Komandan İlham Əliyevin səyləri, onun apardığı uğurlu siyasət, ardıcıl işlər nəticəsində Ermənistan həmin xəritələrin bir hissəsini bizə verməyə məcbur oldu. Təəssüf ki, o xəritələr də dəqiq deyil, təxminən 15-20 faiz dəqiqliyi əks etdirir. Bütün bunlar bizi narahat edir və ona görə də növbəti müraciətimiz etdik.

Xatırladım ki, hələ ilk müraciətlərimizi Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) prezidenti Umud Mirzəyevin təşkilatçılığı ilə etmişik – mina xəritələrinin verilməsi ilə bağlı petisiya imzalamışdıq. Bu proses davam etdi və nəticə qənaətbəxş olmadığı üçün ardıcıl olaraq Azərbaycanda mina problemləri ilə məşğul olan QHT-lər, humanitar yönlü vətəndaş cəmiyyətlərinin nümayəndələri ilə bir araya gəlirik, mediada çıxışlar edirik, müraciətlər ünvanlayırıq. Beynəlxalq qurumlara müraciətlər göndəririk ki, ölkəmizdə belə problemlər var, bu təhlükəyə biganə qalmasınlar. 30 il Azərbaycan torpaqlarının işğalına susub göz yuman beynəlxalq ictimaiyyət ölkəmizin üzləşdiyi mina probleminə də göz yumur, heç bir dəstək vermir bizə və Azərbaycan bu bəşəri fəlakətlə təkbaşına mübarizə aparır. Müraciət etdik ki, beynəlxalq qurumlar, onlara üzv olan dövlətlər Ermənistana təzyiq etsinlər ki, bizə dəqiq mina xəritələri verilsin, eyni zamanda, ərazilərin minalanmasını dayandırsınlar, mina terroruna son qoysunlar. Bilirsiniz ki, 10 noyabr 2020-ci il üçtərəfli sazişindən sonra da Azərbaycan ərazilərində minalar basdırılıb, özü də 2021-ci ildə Ermənistanda istehsal olunan minalar basdırılıb. Biz dünya ictimaiyyətinə müraciət edib deyirik ki, Ermənistanın mina terrorunun dayandırılmasında bizə kömək olunsun, Azərbaycana dəstək göstərilsin, kömək etsinlər ki, biz bu problemləri həll edək, insanlarımız öz dədə-baba yurduna qayıtsın, orada gedib dinc şəraitdə quruculuq işləri ilə məşğul olsun, yaşasın, təsərrüfatla məşğul olsun. Beynəlxalq ictimaiyyəti Ermənistana təzyiqlər etməyə, mina təhdidinin aradan qaldırılmasında ədalətli mövqe nümayiş etdirməyə çağırırıq”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR