Hərbi Prokurorluq tərəfindən qeydə alınmış cinayətlər ötən ilin eyni dövrü ilə müqayisədə ümumilikdə 16,8%, o cümlədən hərbi xidmət əleyhinə olan cinayətlər 42% azalıb.
APA xəbər verir ki, bunu Hərbi Prokurorluğunda cinayətkarlığa qarşı mübarizə, qanunçuluq və hüquq qaydasının möhkəmləndirilməsi, insan və vətəndaş hüquq və azadlıqlarının qorunması sahəsində 2023-cü ilin birinci yarımilində görülmüş işlərin vəziyyətinin və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş geniş kollegiya islasında Hərbi Prokuror Xanlar Vəliyev deyib.
O bildirib ki, eyni zamanda 2022-ci ilin birinci yarımili ilə müqayisədə 2023-cü ilin birinci yarımilində qeydə alınmış- qəsdən adam öldürmə cinayətləri 20 %; tabelikdə olan hərbi qulluqçuya qarşı zorakı hərəkətlər cinayətləri 47,6 %, tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozma cinayətləri 13,7 %, hərbi xidmətdən yayınma cinayətləri 52,5 %, hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etmə cinayətləri 56,2 %, qulluğa səhlənkar yanaşma cinayətləri 22,2 %; maşınları idarəetmə və istismar qaydalarını pozma cinayətləri 8,3%, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma cinayətləri 52,4 %, özünü öldürməyə cəhd hadisələri 75 % azalıb.