Bacısını öldürməkdə təqsirləndirilən şəxs və onun oğluna hökm oxunub

Bacısını öldürməkdə təqsirləndirilən şəxs və onun oğluna hökm oxunub
# 15 sentyabr 2016 14:13 (UTC +04:00)

Bakı. Etibar Məmmədov - APA. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətldə təqsirləndirilən Şahbaz Xəlfəyev və İslam Xəlfəyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

APA-nın məlumatına görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı təqsirləndirilən şəxslərin cinayətlərinin tam sübuta yetirildiyini qeyd edib. O, İ. Xəlfəyevin 19 il, Ş. Xəlfəyevin isə 18 il azadlıqdan məhrum edilmələrini istəyib.

Daha sonra məhkəmədə hökm oxunub. Hökmə əsasən İ. Xəlfəyev 18 il, Ş. Xəlfəyev isə 17 il azadlıqdan məhrum edilib.

İttihama görə, yanvarın 18-də Sumqayıt şəhəri, Ə.Vahid küçəsi, 39 saylı evin yaxınlığında üzərində zorakılıq əlamətləri olan naməlum qadın meyitinin aşkar edilməsi barədə daxil olmuş məlumat əsasında dərhal hadisə yerinə baxış keçirilib, zəruri prosessual hərəkətlər yerinə yetirilib. Faktla bağlı şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Polis və prokurorluq orqanları tərəfindən həyata keçirilən təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində meyitin Sumqayıt şəhər sakini, 1947-ci il təvəllüdlü Rəfiqə Ağayeva olması müəyyən edilib. Həmçinin cinayətin Sumqayıt şəhər sakinləri - qadının qardaşı, 1961-ci il təvəllüdlü Şahbaz Xəlfəyev və onun oğlu - 1991-ci il təvəllüdlü İslam Xəlfəyev tərəfindən törədilməsində kifayət qədər əsaslar olduğundan onlar, şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunublar.

İstintaq zamanı R.Ağayevanın yanvarın 17-də saat 23 radələrində məişət zəminində aralarında yaranmış mübahisə zamanı qardaşı Şahbaz və qardaşı oğlu İslam Xəlfəyevlər tərəfindən küt alətlə çoxsaylı xəsarətlər yetirilərək qəsdən öldürülməsi müəyyənləşdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR