Bakı-APA. Yəmənin Şəbva əyalətində hökumət qüvvələri ilə üsyançı husilər arasında baş verən silahlı toqquşmalar nəticəsində azı 10 nəfər ölüb, 17 nəfər yaralanıb.
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, Yəmənin mərkəzi bölgəsində yerləşən Şəbva əyaləti hazırda husilərin nəzarəti altındadır.
Küveytdə davam edən sülh danışıqlarında Yəmən rəhbərliyi BMT-nin münaqişənin nizamlanması üzrə layihəsini qəbul, üsyançı husilər və eks-prezident Əli Abdulla Salehin tərəfdarları isə rədd ediblər.
Yəməndə üsyançı husilər və Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiyanın dəstəklədiyi hazırkı prezident Abd Rabbu Mənsur Hadiyə tabe olan qoşunlar arasında münaqişə 2014-cü ildən davam edir. Səudiyyə Ərəbistanın rəhbərliyi altında ərəb koalisiyası 2015-ci il, martın 26-dan Yəməndə üsyançı husilərin nəzarəti altında olan ərazilərə hava zərbələri endirir.