“Media və din” mövzusunda konfrans keçirilib

“Media və din” mövzusunda konfrans keçirilib
# 18 avqust 2016 10:58 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev - APA. Bu gün “2016-cı il Multukulturalizm ili” çərçivəsində “Media və din” mövzusunda konfrans keçirilib. APA-nın xəbərinə görə, konfrans Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə baş tutub.

Tədbiri giriş sözü ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı açıb.

O bildirib ki, “2016-cı il Multikulturalizm ili” çərçivəsində Dövlət Komitəsi tərəfindən müxtəlif xarakterli tədbirlər keçirilir: “Bugünkü konfransımız media və din mövzusuna həsr olunub. Jurnalistlər dini mövzuda yazılar yazarkən bəzi məqamları nəzərə almalıdırlar. Bu gün dindən sui-istifadə, dini siyasiləşdirmək cəhdləri var. Eyni zamanda, dinlərin daxilində ayrı-ayrı cərəyanlar meydana gəlib. Xüsusən islam dini içərisində yaranan bu cərəyanların hansısa qolları Azərbaycana da gəlib çıxıb. Azərbaycan mediasında bəzən yanlış olaraq bu cərəyanları bir-birinə qarışdırırlar. Bəzən görürsən ki, bu cərəyanlarla əlaqədar yazılar yazarkən yerli-yersiz burada hansısa şəxsləri lider səviyyəsinə qaldırırlar. Biz mediaya bildirmək istəyirik ki, bu gün Azərbaycanda dövlət-din münasibətləri normal məcrada inkişaf edir. Azərbaycan çox konfensiyalı ölkədir. Azərbaycanda ayrı-ayrı dini konfensiyalar bərabər şəkildə fəaliyyət göstərir”.

M. Qurbanlı qeyd edib ki, Azərbaycanda dövlət-din münasibətlərində qarşıda duran 2 mühüm vəzifə var: “Birinci, dini radikal qruplara qarşı ideoloji sahədə mübarizəni gücləndirmək və burada medianın rolunu artırmaq və dini xurafata qarşı mübarizə aparmaq lazımdır. Dini xurafata qarşı tarixən bizim klassiklərimiz öz əsərlərində mübarizə aparıblar. Bu gün də bu mübarizəyə böyük ehtiyac var. Xurafat, cahillik bu gün də mövcuddur. Dini xurafatdan da sui-istifadə edirlər. Dini xurafatla dini radikalizm bir medalın iki üzüdür. Bunların hər ikisinə qarşı mübarizə getməlidir və burada medianın özünəməxsus yeri və rolu var”.

Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov bildirib ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi yaranan gündən etibarən mətbuatla sıx şəkildə əməkdaşlıq edib: “Komitə Mətbuat Şurası ilə birgə layihələr həyata keçirir. Dini Komitə jurnalistlər üçün açıq bir quruma çevrilib”.

Ə. Amaşov qeyd edib ki, Azərbaycan tolerant ölkədir: “Bu məsələdə medianın xüsusi rolu da var. Xarici qüvvələrin dindən sui-istifadə cəhdləri olur ki, bu cəhdlərin qarşısının alınmasında Azərbaycan jurnalistləri çox mühüm rol oynayır”.

Tədbirdə millət vəkilləri Bəxtiyar Sadıqov, Fazil Mustafa, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Analitika şöbəsinin müdiri Nəriman Qasımoğlu mövzu ətrafında fikir mübadiləsi aparıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR