“Ötən gün Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri Ordumuzun Xocavənd rayonu istiqamətində döyüş növbətçiliyi aparan hərbi qulluqçularına qarşı itdən sui-qəsdçi kimi istifadə etməklə terror aktı törətməyə cəhd göstərməsi olduqca təəssüf və hiddət doğuran hadisədir”.
Bunu APA-ya açıqlamasında Minalar Əleyhinə Azərbaycan Kampaniyası ictimai birliyin sədri Hafiz Səfixanov deyib.
O bildirib ki, bu, beynəlxalq hüququn bir neçə sənədinin tələblərinə ziddir:
“Belə ki adi silahların məhdudlaşdırılması və ya bəzi növlərinin qadağan edilməsinə dair 1980-ci il Cenevrə Konvensiyasının 1996-cı il əlavələrində, konkret olaraq, 2 saylı protokolunda minalar və mina tələlərinin istifadə edilməsinin qadağan olunmasına dair tələbin müddəalarına, həmçinin 2018-ci ildə qəbul olunmuş heyvanların hüquqları və sağlamlıqlarının qorunmasına dair BMT Konvensiyasına birbaşa zidd olan hərəkətdir”.
Hafiz Səfixanov hadisəni törədənlərin beynəlxalq ictimaiyyət tərəfindən qınanmalı olduğunu qeyd edib: “Biz əməkdaşlıq etdiyimiz bütün təşkilatlara bu hadisə barədə dünəndən məlumatlar göndərərək bildiririk ki, qanunsuz erməni silahlı dəstələri artıq beynəlxalq hüququn heç bir sənədini tanımır, mümkün olan ağla gələn və gəlməyən bütün üsullardan istifadə etməklə Azərbaycan tərəfinə ziyan verməklə məşğuldurlar”.
Ekspert 2011-ci ildə baş verən hadisəni xatırladaraq, hər iki hadisənin ümumilikdə qətiyyətlə pislənilməsinə nail olmalı olduğumuzu əlavə edib.
“Yadıma 2011-ci ildə baş vermiş hadisə düşür. Tovuzun Əlibəyli kəndində uşaqlar çay qırağında oynayarkən uşaq oyuncağı tapırlar. O oyuncağı evə gətirirlər, evdə oynayan zaman həmin oyuncaq partlayır. 13 yaşlı qız uşağı həlak olur, anası ağır yaralanır, təəssüf ki. Həmin oyuncaq da erməni silahlı qüvvələri tərəfindən Tovuz çayı vasitəsilə bizim torpaqlarımıza göndərilmişdi, bu da bir mina tələsi idi.
Bütün bunlar göstərir ki, düşmənimiz çox məkrlidir, mina və mina tələlərindən geniş istifadə edir, görünür, bundan sonra da edəcəkdir.
Bu səbəbdən, insanlarımız sırf bu mövzuda daha ayıq-sayıq olmalı, maarifləndirmə tələblərinə ciddi əməl etməlidir.
Üstəlik, biz bu qanunsuz əməlləri beynəlxalq ictimaiyyətə çatdırmalı, bu və bu kimi hadisələrin qətiyyətlə pislənilməsinə nail olmalıyıq”.
Xatırladaq ki, sentyabrın 11-i saat 08:30 radələrində Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri Ordumuzun Xocavənd rayonu istiqamətində döyüş növbətçiliyi aparan hərbi qulluqçularına qarşı itdən sui-qəsdçi kimi istifadə etməklə terror aktı törətməyə cəhd göstəriblər.
Ordumuzun tərəfindən terror-təxribat əməlinin miqyasını böyütmək və şəxsi heyətə daha çox xəsarət yetirmək məqsədilə mövqelərimizə daxil olan itin üzərindəki əldə düzəlmə partlayıcı qurğunu işə salmaq cəhdinin qarşısı alınıb.