Ermənistan bu gün Azərbaycanla sərhəddə törətdiyi təxribat nəticəsində məhv edilən hərbçilərinin adlarını açıqlayıb.
APA Ermənistan Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, Ermənistan ordusunun hərbçiləri - Andranik Arşakoviç Antonyan, Arsen Aleksandroviç Mkrtiçyan, Vaçaqan Saroeviç Vardanyan və Narek Karenoviç Poqosyan ölüb.
Daha bir yaralı əsgərin vəziyyəti orta ağır qiymətləndirilir.
***
16:13
Ermənistan törətdiyi təxribat zamanı dörd hərbçisini itirib.
APA xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumatda bildirilir ki, Azərbaycan ordusu Ermənistanın 4 hərbçisini məhv edib, biri yaralanıb.
***
15.54
Ermənistan Müdafiə Nazirliyi təxribat zamanı məhv edilən hərbçilərinin adını açıqlayıb.
APA xəbər verir ki, Azərbaycan Ordusunun məhv etdiyi hərbçilər Andranik Antonyan və Arsen Mkrtçyandır.
***
11.14
Ermənistan Müdafiə Nazirliyi iki hərbçisinin öldüyünü, birinin isə yaralandığını təsdiqləyib.
APA xəbər verir ki, Ermənistan MN daha sonra ətraflı məlumat yayacağını bildirib.
***
11.05
Ermənistanın təxribatına cavab olaraq görülən tədbirlər nəticəsində iki erməni əsgər məhv edilib, biri yaralanıb.
APA xəbər verir ki, bu barədə Ermənistanın “Qraparak” nəşri məlumat yayıb.
Ermənistan Müdafiə Nazirliyi vəziyyət barədə bir azdan açıqlama yayacağını bildirib.
Azərbaycan Müdafiə Nazirliyinin bu gün yaydığı məlumatda isə bildirilir ki, sentyabrın 1-i səhər saatlarında Ermənistan silahlı qüvvələrinin Basarkeçər rayonunun Zod istiqamətindəki bölmələri tərəfindən Azərbaycan Ordusunun Kəlbəcər rayonu ərazisində yerləşən mövqelərinə qarşı zərbə PUA-sı tətbiq edilib.
Nəticədə üç hərbi qulluqçumuz yaralanıb.
"Hazırda qeyd olunan istiqamətdə bölmələrimiz tərəfindən qətiyyətli cavab tədbirləri görülür", MN-dən bildirilib.