“Bu gün, əslində, tarixi bir gündür. Belə ki, 2023-cü il etibarilə Türkiyə-Azərbaycan hərbi münasibətlərinin 32-ci, birgə hərbi təlimlərin isə 10-cu ili tamam olur”.
APA xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında təqaüddə olan general, 2011-2013-cü illərdə Bakıda Türkiyənin hərbi attaşesi olan Yücel Karauz deyib.
General hərbi təlimin dövlətlərarası hərbi münasibətlərin ən üst səviyyəsi olduğunu bildirib:
“Burada NATO-nun ikinci, Cənubi Qafqazın isə birinci ən güclü ordusu həm bölgəyə, həm də dünyaya sülh üçün mesaj verməkdədir. Dünyadakı münasibətlər aydındır, addım-addım üçüncü dünya müharibəsinə doğru gedən vəziyyətdə yalnız güclü ordu, güclü dövlət, güclü xalq və güclü liderlə ayaqda durmaq mümkündür. Bu mənada Şuşa Bəyannaməsi ilə “bir millət, iki dövlət, tək yumruq” və “bir millət, iki dövlət, tək ordu” dinamik hədəfinin ən üst nöqtəsinə çatan qardaş ölkələrik. Bildiyiniz kimi, Azərbaycan ordusu artıq türk ordu sisteminə keçid etmişdir”.
Keçmiş attaşe hərbi təlimlərin Cümhuriyyətin 100 illiyinə həsr edilməsi münasibətilə təşəkkürlərini ifadə edib:
“Eyni zamanda, təlimlərə Atatürkün adının verilməsi Azərbaycan dövlətinin Türkiyəyə qarşı göstərmiş olduğu təqdirəlayiq haldır, bunun üçün də ayrıca təşəkkürlər. Türkiyə-Azərbaycan arasında quruda, dənizdə, havada ildə 20-yə yaxın hərbi təlim olur ki, irəliləyən zamanlarda da bu prosesin davamı olacaq. Təlim eyni vaxtda həm Bakıda, həm Naxçıvanda, həm də Azərbaycanın suverenliyinin ifadəsi olan Qarabağda da aparılır ki, bu da özlüyündə bir anlama malikdir”.
Əbülfət Baxşəli
Nihat Pir