BANM-də əfqan tələbələr təhsil alacaqlar

BANM-də əfqan tələbələr təhsil alacaqlar
# 03 noyabr 2015 07:32 (UTC +04:00)

Bakı-APA Bakı Ali Neft Məktəbində (BANM) rektor Elmar Qasımovla Əfqanıstanın Azərbaycandakı səfiri Məhəmməd Tağı Xəlili arasında ilə görüş keçirilib. Görüşdə əfqan tələbələrin BANM-də təhsil alması barədə razılığa gəlinib.

BANM-in ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya bildirilib ki, E. Qasımov Azərbaycanla Əfqanıstanın tarix və mədəniyyət baxımından yaxın ölkələr olduğunu bildirib. O, Azərbaycanla Əfqanıstan arasında əlaqələrin inkişafında səfirin böyük rolu olacağına inamını ifadə edib. Rektor BANM-in yaranma tarixi haqqında danışıb, bildirib ki, Ali Məktəbin əsas məqsədi neft və kimya sənayesi üçün yüksək ixtisaslı peşəkar kadrların hazırlanmasıdır.

E.Qasımov BANM-in ölkəmizdə öndə gedən ali təhsil ocağı olduğunu deyib. E.Qasımov SOCAR-ın fəaliyyətindən söz açaraq şirkətin həyata keçirdiyi layihələrə diqqət çəkib. O, Ali Məktəbdə təhsilin ödənişsiz olduğunu və tədrisin ingilis dilində aparıldığını qonağın diqqətinə çatdırıb. BANM-də üç ixtisas üzrə yüksək ixtisaslı mühəndis kadrların hazırlandığını deyən Elmar Qasımov Ali Məktəbin kampusu haqqında söz açıb. O, kampusun Qafqazda ən böyük kampus olacağını bildirib. İşlərin artıq yekunlaşdığını deyən rektor ilin sonuna qədər tamamlama işlərinin başa çatacağını diqqətə çatdırıb. Kampusun layihəsi ilə səfiri tanış edən Elmar Qasımov orada tələbələr üçün yaradılan şəraitdən danışıb.

O, hər il qəbul imtahanında ən yüksək bal toplayan tələbələrin BANM-ə daxil olduğunu deyərək, Prezident təqaüdçüsü adını qazanan Ali Məktəbin tələbələrinin sayının ildən-ilə artdığına diqqət çəkib. Rektor BANM-də tədrisin Böyük Britaniyanın Heriot-Vatt Universitetinin tədris proqramları əsasında həyata keçirildiyini vurğulayıb. E.Qasımov tələbələrin SOCAR-da, o cümlədən BP, Total, Schlumberger, Emerson, Schneider Electric kimi bir sıra beynəlxalq şirkətlərdə istehsalat təcrübəsi keçdiklərini xatırladıb. O bildirib ki, BANM-in məqsədi SOCAR-la yanaşı, dünyanın bütün tanınmış neft-qaz və kimya sənayesi şirkətləri üçün yüksək ixtisaslı mütəxəssislər hazırlamaqdır. Elmar Qasımov əfqan tələbələrin BANM-də təhsil alması ilə bağlı təklifini bildirərək, əfqan xalqı üçün mütəxəssis hazırlığını həyata keçirmək məqsədilə səfiri bu istiqamətdə əməkdaşlığa dəstək verməyə çağırıb. Elmar Qasımov BANM-in yeni tədris ilində əfqan tələbələri qəbul etməyə hazır olduğunu bildirib.

Səfir Azərbaycan prezidenti İlham Əliyevin ölkəsinə göstərdiyi davamlı dəstəyi çox yüksək qiymətləndirib. O, özünü Azərbaycan xalqına çox yaxın hiss etdiyini bildirib. Azərbaycan hökumət nümayəndələri ilə bir sıra görüşlər keçirdiyini deyən səfir SOCAR rəhbərliyi ilə görüşdüyünü də xatırladıb.

Əfqan tələbələrin BANM-də təhsil alması ilə bağlı təklifə görə BANM-in rektoruna minnətdarlığını ifadə edən səfir, öz növbəsində, bu istiqamətdə hərtərəfli dəstək verməyə hazır olduğunu dilə gətirib.

Görüşdə, eyni zamanda, qarşılıqlı əməkdaşlıq, o cümlədən tələbə mübadiləsi və təqaüd proqramının həyata keçirilməsi haqqında müzakirələr aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR