FAO-nun rəhbəri: Azad olunan Qarabağda kənd təsərrüfatının əsas potensialını üzə çıxarmaq lazımdır - MÜSAHİBƏ

FAO-nun rəhbəri: Azad olunan Qarabağda kənd təsərrüfatının əsas potensialını üzə çıxarmaq lazımdır - MÜSAHİBƏ
# 22 noyabr 2023 10:16 (UTC +04:00)

"Azərbaycandakı su ehtiyatlarının 70 %-dən çoxu kənd təsərrüfatı məqsədi ilə istifadə olunur. Azərbaycanın adının növbəti illərdə də su qıtlığından əziyyət çəkən ölkələr sırasında olacağı proqnozlaşdırılır".

APA-Economics” BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının Azərbaycandakı Tərəfdaşlıq və Əlaqələndirmə Ofisi-nin (FAO) rəhbəri Muhammad Nasar Hayat ilə Azərbaycanda kənd təsərrüfatının ümumi vəziyyəti, su çatışmazlığı və bu vəziyyətdən çıxış yolları ilə bağlı müsahibəsini təqdim edir:

- Cənab Nasar, Azərbaycanda Kənd Təsərrüfatı sahəsində ümumi vəziyyəti necə dəyərləndirə bilərsiniz?

- Azərbaycanda kənd təsərrüfatı ən strateji və inkişaf üçün böyük potensialı olan sahələrdən biridir. Xüsusən də işğaldan azad olunan Qarabağda kənd təsərrüfatının əsas potensialını üzə çıxarmaq lazımdır. Qeyd edim ki, hazırda kənd təsərrüfatı ümumi ÜDM-in 10 fazini təşkil edir. FAO kənd təsərrüfatı məhsullarının daha çox məhsuldar olması üçün Azərbaycan hökumətinə uzunmüddətli strategiyalar və siyasətlərin formalaşmasında dəstəkdir. Kənd təsərrüfatında dayanıqlı idarəetməyə böyük ehtiyac var. Çünki dayanıqlı idarəetmə sayəsində məhsullar əldə edildikdə mövcud resurslara hansısa zərər dəymir, onlar dağıdılmır. Bizdən sonrakı nəsillərin də istifadə etdiyimiz resurslara ehtiyacı olduğu üçün biz onları qoruyub saxlamalıyıq. Azərbaycanın torpaq resursu olsa da, bu mövzuda müəyyən narahatlıqlar var. Yararlı torpaq sahələrinin qorunub saxlanılmasına xüsusi önəm verməliyik. Səmərəli alətlərdən istifadə etsək, o zaman əlimizdə olan resursların deqradasiyasının qarşısını almış olarıq.

- Kənd təsərrüfatının inkişafında rəqəmsallaşma müstəsna rola malikdir. Azərbaycandakı mövcud durumu necə qiymətləndirirsiniz?

- Bu gün kənd təsərrüfarının inkişafında rəqəmsallaşma ən mühüm amildir. Yəni, məhsulun istehsalından sonuncu mərhələyə - istehlakadək olan hər dövrdə rəqəmsallaşma çox önəmlidir. Təbii ki, bunun üçün müasir elmi alətlərə xüsusi diqqət yetirmək lazımdır. Biz kənd təsərrüfatında rəqəmsallaşmaya nail olmaqla səmərəliliyi artıra bilərik. Səmərəlilik odur ki, biz məhsulun əkin üçün ən uyğun zamanı və yerini təyin edə, kimyəvi dərmanlamaya ehtiyacın olub-olmadığını müəyyən edə bilirik.

- Bəs, necə düşünürsünüz, Azərbaycanda fermerlər bu texnologiyalardan istifadəyə hazırdırmı?

- Əsas məsələ də budur. Çünki hazırda Azərbaycanda fermerlərin əksəriyyəti daha yaşlı nəslin nümayəndələridir. Onlar bu günün tələblərinə cavab verən, müasir və yüksək keyfiyyətlərə sahib alətlərdən, vasitələrdən istifadə etmirlər. İnformasiya və texnologiya inqilablarının baş verdiyi dönəmdə yaşlı fermerlərin çoxunun bu yeni alətlərdən, vasitələrdən xəbərləri belə yoxdur. Ümumiyyətlə, yaşlı nəslin texnologiyanı öyrənməsi və tətbiq etməsi çətin prosesdir. Bunun üçün biz bu alətləri daha sadələşdirməli, gənclər üçün aqrar sahəni cəlbedici etməliyik.

- Gənclərin böyük qismi iş üçün müxtəlif rayonlardan Bakıya axın edir və belə olan halda torpaq yenə də yaşlı nəsil tərəfindən əkilib-becərilir. Kənd təsərrüfatını gənclər üçün necə cəlbedici edə bilərik?

- FAO-nun 2024 və növbəti beş illə bağlı Azərbaycan üçün əsas hədəflərindən biri məhz kənd təsərrüfatını gənclər üçün daha cəlbedici etməkdir. Bunun üçün biz Kənd Təsərrüfatı Nazirliyi ilə birgə işləyərək gənc nəslin aqrar sahəyə cəlb edilməsini planlaşdırırıq. Çünki hazırda gənc nəsillərin kənd təsərrüfatına inteqrasiyasında problemlər var. Nənə-babalar bu ənənələri gənclərə ötürə bilmirlər. İstəyirik ki, gənclər bu məsuliyyəti nənə-babalarından, yaşlı nəsildən alaraq mənimsəsinlər. Təbii ki, bunun üçün müəyyən addımlar atılmalı, gənclərin bu sahədən uzaq olmasının səbəblərini araşdırmalıyıq. Düşünürəm ki, gənclərin kənd təsərrüfatından uzaqlaşmasının iki səbəbi var: bu sahədə günün tələblərinə cavab verən inkişafın olmaması və kənd təsərrüfatının gəlirli olmaması. Yəni, gənclər düşünür ki, İT və digər sahələrdə çalışmaqla daha çox pul, gəlir əldə edə bilərlər. Bunun üçün əsas hədəflərimizdən biri kənd təsərrüfatını daha gəlirli sahəyə çevirməkdir. Yalnız bu yolla biz gəncləri kənd təsərrüfatına cəlb edə bilərik. Çünki gənclər sırf iş tapmaq, işləmək, daha çox qazanmaq üçün böyük şəhərlərə axın edirlər. Bu səbəbdən də Bakıda əhali sayı günü-gündən artır. Əhali şəhərlərə köçsə, kəndlərdə məhsul istehsal olunmasa, bu zaman nə olacaq, camaat necə və nə ilə qidalanacaq?

- Kənd təsərrüfatının daha cəlbedici olmasında rəqəmsallaşmanın da mühüm rolu var. Rəqəmsallaşma bizə hansı yeni töhfələr verə bilər?

- Kənd təsərrüfatında rəqəmsallaşmanın başqa mühüm əhəmiyyəti yeni nəsillərin kənd təsərrüfatına cəlb edilməsindədir. Rəqəmsallaşma həm də qida təhlükəsizliyi deməkdir. Çünki qida təhlükəsizliyi üçün məhsulun hərəkət etdiyi marşurutun təhlükəsiz olması önəmlidir. Qidaların daşınmasında da rəqəmsallaşmaya ehtiyac var. Əkin sahələrinə sensorlar quraşdırsaq, o lazım olan məlumatları kompüterə ötürəcək. Bu zaman hansı ərazilərin daha çox suya, gübrəyə və hansı növ gübrəyə ehtiyacı olduğunu öyrənə biləcəyik. Nəticədə, ağıllı idarəetmə ilə əkin sahələri ehtiyacı olan resurslarla təmin ediləcək. Təbii ki, bütün bu alətləri işə salmaqla gənc nəsil daha çox pul qazanaraq təsərrüfat sahələrində çalışmaqda maraqlı olacaq.

- Qida təhlükəsizliyindən söz düşmüşkən, Azərbaycanda qida təhlükəsizliyi ilə bağlı vəziyyəti necə qiymətləndirirsiniz?

- Əminliklə deyə bilərəm ki, Azərbaycanda qida təhlükəsizliyi var. Lakin qeyd edim ki, ölkədə qida və onun təhlükəsizliyi ilə bağlı vəziyyəti bir qədər də yüksəltməyə ehtiyac var. Azərbaycan idxaldan asılıdır. Problemlərlə rastlasmamaq üçün i̇dxal olunan məhsullara güclü nəzarət lazımdır. Çünki bəzi məhsullarda sağlamlığa ziyan aşkarlana bilər. Xüsusi olaraq da vurğulayım ki, Azərbaycan hazırda idxal olunan məhsullara nəzarətdə ən yaxşı mövqe nümayiş etdirir.

- Azərbaycanda su ilə bağlı vəziyyət gərgin olaraq qalmaqdadır, proqnozlar da ürəkaçan deyil. Ölkədə su probleminin həlli üçün hansı addımlar atıla bilər?

- Azərbaycanın su ilə bağlı problemləri var. Təəssüflər olsun ki, Azərbaycanda fermerlər əldə etmək istədikləri suya sahib deyillər. Ölkədə suyun səmərəliliyini artırmağa ehtiyac var. Su səmərəliliyi deyəndə, biz nə qədər su istifadə edərək onun nə qədər hissəsi ilə məhsul istehsal etdiyimizi nəzərdə tuturuq. Məsələn, bir kilo üzümün istehsalı üçün nə qədər suya ehtiyacımız var. Sudan effektiv və səmərəli istifadə etsək, o zaman eyni məhsulu daha az su sərf etməklə də əldə edə biləcəyik. Suyun qorunmasına, israf olunmamasına xüsusi diqqət yetirməliyik. Ən çox su kənd təsərrüfatında istifadə olunur. Kənd təsərrüfatında su daha effektiv və səmərəli istifadə olunarsa, bu zaman biz daha çox müsbət nəticələr əldə edə bilərik. Qeyd edim ki, hazırda Azərbaycan suya həssas 20 ölkə sırasında yer alıb. Bu səbəbdən su resurslarımızı diqqətlə nəzərdən keçirməliyik.

- Suyun səmərəliliyini artırmaq üçün nə etməliyik?

- Daha az su tələb edən kənd təsərrüfatı sahələrini inkişaf etdirməliyik. Səmərəliliyə və daha keyfiyyətli məhsula nail olmaq üçün çoxlu araşdırmalar aparmaq lazımdır. Lakin bu o demək deyil ki, biz susuz məhsul istehsal edə bilərik. Sadəcə olaraq biz suya israf etmədən də yüksək məhsuldarlıq əldə edə bilərik. Təkcə kənd təsərrüfatında su israfının qarşısını almaqla kifayət qədər suya qənaət etmiş olarıq.

- Azərbaycanda kənd təsərrüfatında nə qədər su israf edilir?

- Hazırda Azərbaycanda kənd təsərrüfatında nə qədər su israf edilir, bunu deyə bilmərəm. Lakin qeyd edim ki, təkcə kənd təsərrüfatında deyil, məhsul istehsalının digər zəncirlərində də su itkisi yaranır. Baxın, hər gün restoranlarda nə qədər qida israf edilir. Yaxud da gündəlik aldığımız qidaların nə qədəri tullantıya gedir. Bu məhsulların istehsalı zamanı nə qədər su sərfiyyatı olduğunu düşünəndə görürük ki, belə qida tullantıları özü də su israfıdır. Siz bilirsiz ki, ət, çörək istehsalı üçün nə qədər su sərfiyyatına ehtiyac olur? Qida tullantısı təkcə qida deyil, həm də su israfıdır.

- Xüsusən də ət istehsalında da kifayət qədər suya tələbat yaranır

- Bəli. Ümumiyyətlə, ət Azərbaycan üçün ən vacib komponentdir. Bu səbəbdən də su səmərəliliyini artırmaqla ət istehsalına fokuslanmaq lazımdır. Mən demirəm ki, bütün azərbaycanlılar vegeterian olmalıdır. Bu insanlar üçün də çətin olar. Sadəcə olaraq istehsal prosesində su israfının qarşısını almalıyıq. Yaxud da suya daha çox ehtiyacı olmayan məhsulları istehsal edə bilərik. Daha az sudan istifadə etməklə ot istehsal edə bilərik.

- Pambıq istehsalı zamanı da kifayət qədər suya tələbat yaranır

- Düz qeyd etdiniz, xüsusən də pambıqçılıq sahəsində çox diqqətli olmalıyıq. Çünki pambıq istehsalı daha çox su tələb edir. Ən yaxşı resurslardan istifadə edərək pambıq istehsal edə, yaxud da bunun əvəzində biz suya daha az tələbatlı bir məhsul istehsal edə bilərik. Mənim bununla bağlı bir ideyam olsa da, elmi izahım yoxdur. Biz hansısa analizlər aparmadan dəqiq bir şey deyə bilmirik.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR