Elmira Axundovanın oğlunun məhkəməsi keçirilib

Elmira Axundovanın oğlunun məhkəməsi keçirilib
# 29 iyul 2016 14:41 (UTC +04:00)

Bakı. Etibar Məmmədov – APA. Bu gün Binəqədi Rayon Məhkəməsində deputat Elmira Axundovanın oğlu Həbib Axundovdan şikayət edən vətəndaşların iddiasına baxılıb.

APA-nın məlumatına görə, hakim Bəylər Ələkbərovun sədrliyi ilə keçirilən prosesdə E. Axundovun nümayəndəsi Rövşən Yusifov E. Axundovanın müstəqil tələb irəli sürən 3-cü şəxs qismində cəlb olunması barədə iddia qaldırıb. Məhkəmə iddianı icraata qəbul edib.

İddiada qoyulan tələblərə görə, E. Axundova özü haqqında dövlət orqanlarına yazılan şikayətlərlə bağlı təkzib məktublarının göndərilməsini, həmin adamlardan müştərək qaydada 100 min manat vəsaitin kompensasiya kimi tutulmasını və üzr istəmələrini tələb edib. İddiada göstərilib ki, məhkəmə şikayətçilərin təhqir və böhtana görə məsul cəlb etməsi üçün xüsusi qərardad çıxarsın və E. Axundova ilə bağlı audio və video yazıların ləğvi öhdəliyi qoyulsun.

Proses avqustun 19-da davam etdiriləcək.

Qeyd edək ki, E. Axundova və oğlu Həbib Axundovun hər birindən 600 min manat kompensasiya tələb edən iddiaçılar onların böhtan və təhqirə görə cəzalandırılmasını tələb edir.

Elmira Axundovaya qarşı iddianın səbəbi onun “Üç nöqtə” qəzetində dərc olunan müsahibəsidir. Oğlu Həbib Axundov isə Whatsapp mesajına görə məhkəməyə verilib. Həbib Axundovun onlardan külli miqdarda pul alıb qaytarmadığını iddia edən şikayətçilər məhkəməyə təqdim etdikləri ərizədə göstəriblər ki, sözügedən Whatsapp mesajında Həbib Axundov onları təhqir edib. İddiaçılardan Ziya Vəliyevə göndərilən mesajda belə yazılıb.

Həbib Axundovun nümayəndəsi Afət Qazıyeva bildirib ki, təhqir və böhtan xarakterli mesajın göndərildiyi telefon nömrəsi Həbib Axundova məxsus deyil. Vəkil qeyd edib ki, qarşı tərəf həmin nömrənin Həbib Axundovun istifadəsində olduğunu sübut etməlidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR